Mediasiya nədir?

Mediasiya nədir?

Son günlərin başlıca və maraq doğuran məsələlərindən biri də mediasiya barədədir. «Mediasiya» anlayışı latın sözü olan “mediare” sözündən götürülmüş, mənası “vasitəçilik etmə” deməkdir.

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.

Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquqi sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.

Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Mediasiya – mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələrdə, əmək münasibətlərindən irəli gələn mübahisələrdə və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə tətbiq edilir.

 98 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın