Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı immunitet vəsiqələri ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (DST) bir sıra ölkələrin koronavirus infeksiyasından sağalmış şəxslərə immunitet vəsiqəsi vermək təklifinə qarşı çıxıb.

Beynəlxalq təşkilatın rəyinə görə, sağalmış insanların qanında yaranan anticisimlərin xəstəliyə qarşı immunitet yaratması hələ elmi cəhətdən əsaslı şəkildə təsdiqini tapmayıb. Ona görə də COVID-19 xəstəliyindən sağalan və qanlarında müvafiq anticimlərin olduğu şəxslərin mütləq şəkildə ikinci dəfə infeksiyaya tutulmayacağı isbat olunmayıb.

Təşkilatdan bildirilib ki, müxtəlif ölkələrdə immunitet vəsiqəsi ilə insanların əmək fəaliyyətinə geri dönüşünə şərait yaradılması cəhdi başadüşüləndir. Lakin hazırda dünya bazarında mövcud olan fərqli anticisim testlərinin dəqiqliyi və etibarlılığı da sual doğurur. Bəzən isə testlər elmə çoxdan məlum olan və normal soyuqdəyməyə yol açan başqa koronaviruslara reaksiya verirlər və nəticədə yanlış olaraq pasiyentin COVID-19-a qarşı immun olması fikri yaranır.

Qeyd edilib ki, DST tərəfindən dəstəklənən anticisim testlərinin əsas məqsədi əhalinin neçə faizində yeni növ koronavirusa qarşı immunitet yarandığını müəyyənləşdirməkdir. Lakin bu testlər o nəticəyə gəlməyə əsas vermir ki, qanında anticisimlər təsdiqlənən şəxslər ikinci dəfə infeksiyaya yoluxmadan sığortalıdırlar.

Yekunda bildirilib ki, yuxarıda sadalanan səbəblərə görə immunitet vəsiqələri yoluxma təhlükələrinin artması riskini yarada bilər və bu kimi addımlardan çəkinmək lazımdır.

İstinad

www.azertag.az

 191 ümumi baxış sayı,  1 bu günkü baxış sayı

Paylaşın